Şeirlər
AZADLIQ
- Ətirli nəfəsdir, havadır, sudur,
- Azadlıq cam dolu qırmızı meydir,
- Əsarət nə boyda can qorxusudur,
- Azadlıq o boyda candan gileydir.
- Qan boğub minillər azadlığı, qan,
- Qoz sınıb başında susan yoxsulun,
- Bircə gün məst olsa aadlığından,
- Gül açar çöhrəsi qırx illik qulun.
- Azadlıq səndəlin, süzülmüş çuxan,
- Yaralı köksündə çırpan ürəkdir,
- Daşların içindən fınxırıb çıxan,
- Zülmətə güc gələn zərif çiçəkdir.
- Küləklər azaddır mənsəbdən, dindən,
- Var tufan, var yağış, qar azadlığı,
- Əbədi qurtulur köləliyindən,
- Kimin öz ruhunda var azadlığı.
- Aləmin seyrində göz xumar-xumar,
- Sinələr güllədən dəlik-dəlikdir,
- Harda azadlıq var, orda sevgi var,
- Azadlıq eşqdir, eşq-divanəlikdir…
AĞRI…
- Deyərdim, gəl, ağ saçına gül düzüm,
- qara-qara tellərini darayım,
- aramızda qalan dağlar lal oldu,
- əks eyləməz bir fəryadım, harayım.
- Yadlar yedi çörəyimi, duzumu,
- kor çobanam, otarmadım quzumu,
- batmışammı, itmişəmmi, özümü,
- hansı yerdə, hansı canda arayım?
- O tay, bu tay, mən danışan dilindim,
- bütöv yurdun, dam dolusu elindim,
- orman-orman, tala-tala bölündüm,
- neçə tikə, görən neçə parayım?
- İnsan olan bu zillətə dözəmməz,
- suç işlədən əməlindən bezəmməz,
- bəyim şəhid, gəlinlərim bəzənməz,
- viran qalmış imarətim, sarayım…
ÖMÜR KARVANI…
- Yenə düz işləmir ömrün sayğacı,
- yenə yağış yağır, hava korlanıb,
- bir uşaq səs gələn tərəfə qaçır,
- deyəsən, yol gedir dəvə karvanı.
- Bulanmış göy üzü yenə rənglənib,
- çalır qırmızıya daşdan piyaləm,
- quduz burulğanlar pozur ləngəri,
- qaranlıq səhrada qarışıb aləm.
- Yenə də yol boyu hürüşür itlər,
- yaxşılar, yamanlar ələnməyində,
- yenə də yol boyu qoca seyidlər,
- diz çöküb, əl açıb dilənməyində.
- Yenə dəli külək qovur qumları,
- mən yazıq ulduza hürməyə gəldim,
- göbələk şəklində bu qəyyumları,
- kolların dibində görməyə gəldim?
- Çənəm yer süpürür, qatlanır dizim,
- deyən, öldürəcək bu ürək məni,
- insana uyğunmu məndəki dözüm,
- nə yol getməlidir, nə yük çəkməli.
- Bu dünya toxunmuş köhnə kilimdir,
- səcdə qıl, Məkkəsi, Kəbəsi mənəm,
- bilmirəm bu yolun ərəbi kimdir,
- bilirəm yorulmuş dəvəsi mənəm…
OYANDIM…
- Qızındım ömrün qışında,
- Dəli sevdalar başımda,
- Yatdım altmış üç yaşında,
- Oyandım, uşaq oyandım.
- Yelpiklər dərdimi külək,
- Deyər, hər tərəfdə gül ək,
- Sinəm altda yanar ürək,
- Sinəm üstdə dağ oyandım.
- Bu nə yanğı qara neydə,
- Göy fəğanda, yer gileydə?
- Yerindədir Yer də, Göy də,
- Yağ, ey bulud, yağ, oyandım.
- Hələ qan axır yaramdan,
- Gözlərim qan, damarım qan,
- Şükür sənə, ey Yaradan,
- Bu səhər də sağ oyandım.
GEDƏR
- Mən insanam, uzun yolam, örkənəm,
- fərq eləməz qoca türkəm, türkmənəm,
- dünya dəvə, belindəki yük mənəm,
- bir gün, bir gün atar gedər, gedər hey!
- Gözlər dolar bir qüssədən, qəhərdən,
- daha gülün ətri gəlməz səhərdən,
- qaranlığa bürünmüş bir şəhərdən,
- işıqlı bir qatar gedər, gedər hey!
- Gələn ağlar, gedən ürkər, tələsər,
- bel bükülər, diş tökülər, əl əsər,
- bir gün gələr üstümüzdən yel əsər,
- ay doğar, gün batar gedər, gedər hey!
- Həm qəribəm, həm dünyaya yad kimi,
- ayır, teylə, dərdlərinə qat kimi,
- çapar kimsə bu dünyanı at kimi,
- yalmanına yatar gedər, gedər hey!..
* * *
- Nə vaxtacan qəm köynəyim, qüssə-kədər tacım olsun,
- nə vaxtacan bu aləmdə ağlayıb, ah-zar eyləyim?
- Öz varlığım bir ilğımdır qaranlıqlar ağuşunda,
- hanı məndə qüdrət, necə, nəyi yoxdan var eyləyim?
- Nəğmə desin yurd yerimdə öz bağımın bülbülləri,
- yeddi yerdən çəpər çəkib, dörd yerdən hasar eyləyim.
- Öyrənmişəm dillərini gülün, quşun, kəpənəyin,
- sən torpağı Vətən eylə, mən onu gülzar eyləyim!
dekabr, 2020, BerselKÜSDÜRƏ BİLMƏDİM…
(mahnı)
- Eşqinlə göylərdə qanad açıram,
- bir qıy çək, tanıyım səsindən səni,
- mən quşu gözündən vuran ovçuyam,
- buraxa bilmərəm gözümdən səni.
- Qönçə dodaqların balım, şərbətim,
- bal təkin şirindir sözün, söhbətin,
- yandıran bu eşqin, bu məhəbbətin,
- qorudum odundan, közündən səni.
- Könül budağını qar kimi əydim,
- kaş bu gözəlliyi bir də görəydim,
- yüz dəfə, min dəfə xətrinə dəydim,
- küsdürə bilmədim özümdən səni…
DOĞUM GÜNÜMÜN ŞƏKLİ…
- Mən bulağam, təşnə dodaqlarınla,
- əyil bir az, ovuc-ovuc iç məni,
- bəlkə seləm, yol gəlir dağlarından,
- boğularsan, üzə-üzə keç məni.
- Bəlkə səsləyibdir sözüm, gəlmişəm,
- pozulubdur nizam, düzüm, gəlmişəm,
- bəlkə bu dünyaya özüm gəlmişəm,
- yaradana deməmişəm seç məni.
- Mən buludun tərkibində bir odam,
- görürsənmi, necə od olur adam?
- Mən qapıyam, göy üzü evim, odam,
- nə durmusan, tilsim ilən aç məni.
- Heç olmadı həyat gözəl, bəxt şümal,
- dörd tərəfim sükut, üç tərəfim lal,
- nə vecimə, tanımasın qərb, şimal,
- tanımasın Paris məni, Kerç məni.
- Dünya bağmı, bağdakı bir gül mənəm,
- dünya bədən, əynindəki tül mənəm,
- dünya zəmi, dən dolu sünbül mənəm,
- hünər eylə, oraq olub biç məni.
- Nağıldakı divlər kimi diriyəm,
- ağlayarsam, çətin bir də kiriyəm,
- göydən düşən üç almadan biriyəm,
- bəlkə anam doğmayıbdır heç məni…
MƏN QALDIM
- Gül kolundan qoparılmış gül idi,
- boy verməyən dən dolu sünbül idi,
- nökər idi, əsir idi, qul idi,
- o gözəli yol apardı, mən qaldım.
- Qamətinə baxıb dersən tüləkdi,
- bədən deyil, damar-damar ürəkdi,
- yol çəkərdi, o gözləri yol çəkdi,
- o gözləri yol apardı, mən qaldım.
- Tellərini yellədəcək ahıydım,
- kipriyinin yerində sürahıydım,
- qorumadım, bir ələngə şahıydım,
- kənizləri yol apardı, mən qaldım.
- Qalan kimdi, gedib, gedib, baxdılar,
- yer bərabər bir ovuc torpaqdılar,
- çuxurları axar tapıb, axdılar,
- «dənizləri» yol apardı, mən qaldım.
- Bir boyundaş olammadım yurd ilən,
- bir səfilsən yad ellərdə, dur, dilən,
- mən qaldım ey, qiyamətə qurd ilən,
- kəhrizləri yol apardı, mən qaldım…
OLMADI
- Hər gedən dünyadan əliboş gedir,
- mənim nəyim oldu, nəyim olmadı?
- Qoy belə qan düşsün öz aramıza,
- sən denən oldu, mən deyim, olmadı.
- Susuz ağac kimi yandım, qurudum,
- ağrımı gözümün yaşıyla yudum,
- məni ağlamağa kamanım, udum,
- məni oxşamağa neyim olmadı.
- Yediyim ağudur, içdiyim zəhər,
- gəzdim diyar-diyar, şəhərbəşəhər,
- harda yatdım, harda açıldı səhər,
- xaraba qalmışda öyüm olmadı.
- Yoxmuş etibarı varın, dövlətin,
- həm də hürr yaşamaq çətindir, çətin,
- başına daş düşdü haqq-ədalətin,
- qaldırıb atmağa heyim olmadı.
- Qocaldı arzular göz bəbəyimdə,
- gül bitdi, göyərdi daş bələyimdən,
- hey qanad bağladım quş lələyindən,
- neyləyim, uçmağa göyüm olmadı…
YOLLARA BAXSIN
- Sevdiyim, həsrətdən bir tel ayırıb,
- tellərin darasa, yollara baxsın,
- bir zaman üz tutub, könül verdiyi
- gedibdir harasa, yollara baxsın.
- Vəfasız günlərə yağır gileylər,
- qürbət vəfasızı bədgüman eylər,
- dolanır başıma gözləri göylər,
- gözləri qarasa, yollara baxsın.
- Mən hüznü yollarda tapıb, getmişəm,
- atımı dördnala çapıb, getmişəm,
- ömrümü yollara səpib, getmişəm,
- kim məni arasa, yollara baxsın.
KASIB…
Tanıdığım bir kasıb kişi mənə sifariş yollayıb ki, niyə kasıblardan yazmıram.
Köhnə üslubda yazdım, qoy oxusun.
- Baxışın qəmlidir, duruşun məsum,
- bənzərsən huriyə, mələyə, kasıb,
- bu il də əkdiyin vermədi məhsul,
- qalmısan mələyə-mələyə, kasıb.
- Unutmaz bu ellər haqqı sayını,
- göstərib oxunu çəkdin yayını,
- verdin vətən üçün oğul payını,
- can qurban səndəki ürəyə, kasıb.
- Gör neçə oylağın nökərdir bəyi,
- yoxdur illətinə varın köməyi,
- öyrən daş yeməyi, torpaq yeməyi,
- əlin çatmayanda çörəyə, kasıb.
- Gərək səs verəsən haqqın səsinə,
- həm arxa durasan məğrur kəsinə,
- çevrilib ölkən də mal tövləsinə,
- əl yetir yabaya, kürəyə, kasıb.
- Sən dağ vüqarlısan, qeyrət misalı,
- daxman şah sarayı, örüşlər xalı,
- dünyada qalacaq dünyanın malı,
- nəyin var ver getsin küləyə, kasıb.
KÖÇ VAXTI…
- Dur, yığış, ey insan, köç vaxtı gəldi,
- bu başdan o biri başa gedirik,
- hələ ağarmamış saça, saqqala,
- hələ dən düşməmiş qaşa gedirik.
- Hər tində, bucaqda tələ qurublar,
- qaya parçalayıb, dağ uçurublar,
- yollara sap kimi düyün vurublar,
- gah duza, gah da ki, quşa gedirik.
- Ötən günlərini yuyub, ağlarsan,
- bu gözəl dünyadan doyub, ağlarsan,
- dizini torpağa qoyub, ağlarsan,
- kotana qayıdır, xışa gedirik.
- Səpdiyin dən kimi dərdin çoxalır,
- gözlə günbatanı, ya günçıxanı,
- götür yapıncını, köhnə çuxanı,
- tufanlı, çovğunlu qışa gedirik.
- Hər il sel daşqını, hər gün zəlzələ,
- bu zülüm, bu zillət bitməyib hələ,
- yenə dərdimizlə verib əl-ələ,
- yenə dərdimizlə qoşa gedirik.
- Dünya dəyişmədi, qalacaq olsun,
- qalmayan kim varsa, öləcək olsun,
- nə fərqi, keçmiş, ya gələcək olsun,
- gedirik, dönməyə daşa, gedirik.
KİMLƏRƏ QALDI?
- Bu nə gizlin, nə sirdi,
- bir gündə dörd fəsildim,
- ağac idim, kəsildim,
- kölgəm kimlərə qaldı?
- Nə qara gəldi baxtım,
- dağıldı uca taxtım,
- gözəl kəndim, paytaxtım,
- bölgəm kimlərə qaldı?
- Nə qəribə həyatdı,
- kim tutdu, kim aldatdı,
- gəmim dəryada batdı,
- yelkən kimlərə qaldı?
- Qurd kimi uluyurdum,
- təhlükəni duyurdum.
- Vətənim, doğma yurdum,
- ölkəm kimlərə qaldı?..
SƏN DEYİRDİN…
- Sən deyirdin hər şey yaxşı olacaq,
- olmadı əfəndim, olmadı,
- zənbilimiz ağzınacan dolacaq,
- dolmadı əfəndim, dolmadı.
- Sən deyirdin süpürək, təmizləyək,
- eybimizi xurcun tapıb gizləyək,
- haqq yerini bulmalıdı, gözləyək,
- bulmadı əfəndim, bulmadı.
- Sən sazımın əcdadına ud dedin,
- qalxanıma, şeşpərə əmud dedin,
- budaqdakı meyvəyə armud dedin,
- almadı əfəndim, almadı.
- Türkəm dedin, türkə salanlar vardı,
- türkdən qisasını alanlar vardı,
- qurdla qiyamətə qalanlar vardı,
- qalmadı əfəndim, qalmadı.
- Vaxt gələcək, gələcək dediklərin,
- haqq nədirsə biləcək dediklərin,
- özün öldün, öləcək dediklərin,
- ölmədi əfəndim, ölmədi.
- Vətən bənzər bir alagöz qadına,
- oğul yetər hayına, imdadına,
- vətən bizi tez unutdu, yadına,
- salmadı əfəndim, salmadı…
MƏMLƏKƏTDƏNƏM…
- Bəsdir!
- Soruşmayın kiməm, hardanam,
- yurdu işğal olan məmləkətdənəm,
- qəbirdə od tutub yanmada anam,
- yaylığı şal olan məmləkətdənəm.
- Sonunda işıq var qara zülmətin,
- daşları ağırdır zülmün, zillətin,
- bir məglub, bir yazıq, bir ac millətin,
- ağzı çuval olan məmləkətdənəm.
- Aldanıb köz olduq, alışdıq tək-tək,
- ağılsız başa da qan vurdu ürək,
- qəhrəman sayıldı Koroğlu, Babək,
- mən Rüstəm-Zal olan məmləkətdənəm.
- Nədən yer adamı göylərə asi,
- nədir ruhumuzun nədir qidası,
- gözlərə soxulmuş dimdik nidası,
- dönüb sual olan məmləkətdənəm.
- Şəfalı nə varsa söz qabığında,
- gərək gizlənməsin sevgilər qında,
- mötəbər şairin it qabağında,
- yeməyi yal olan məmləkətdənəm.
- Köçərgi quşların vətəni qürbət,
- dünyadı, gələni-gedəni… qürbət,
- ruhu didərgin və bədəni qürbət,
- dərdi misal olan məmləkətdənəm.
- Bu yurdun qurdu var içindənyeyən,
- bəla misra-misra, dərd ləyən-ləyən,
- xiyarı yetişən, alması dəyən,
- alimi kal olan məmləkətdənəm.
- Sularda qərq olan üsyankar Səhənd,
- gəzdi şəhər-şəhər,
- dolandı kənd-kənd,
- zülüm gecə-gündüz göylərə bülənd,
- sevgi misqal olan məmləkətdənəm.
- Bir süfrə başında bəy ilə nökər,
- qəmindən mey tutub, şərablar çəkər,
- nağılları yüyrək, söhbəti şəkər,
- dilləri bal olan məmləkətdənəm.
- Bircə gün sağ qalmaq – qənimət, kisib,
- başımız üstünü zülmkar kəsib,
- məmuru qansoran, əsgəri kasıb,
- xalqı hambal olan məmləkətdənəm.
- Ey haqlar dünyası, gözlərini yum,
- nə sevgi sərgilə, nə məhəbbət um,
- heyvanı dilbilməz, insanı məzlum,
- allahı lal olan məmləkətdənəm.
TÜRKÜ
- Ulduz dolu asimanım varıydı,
- malım-mülküm, xanimanım varıydı,
- dən üyüdən dəyirmanım varıydı,
- indi dərddən, qəmdən ayrı nəyim var?
- Bir gül idim yar bağında, çiçəkdim,
- ətir yayan gözəl güllərə çəkdim,
- nə göy bildi, nə yer bildi nə çəkdim,
- mənim dərddən, qəmdən ayrı nəyim var?
- Mənimiydi kənd evimiz, kənizlər,
- aya bənzər ağ üzlü, ay bənizlər,
- mənimiydi axar çaylar, dənizlər,
- indi dərddən, qəmdən ayrı nəyim var?
- Qərib kimi yerə, göyə yad idim,
- qanadım var, quş kimi azad idim,
- Vətən mənim olan vaxtlar şad idim,
- indi dərddən, qəmdən ayrı nəyim var?
BİLİRƏM…
- Bilirəm, mən öləndə
- yuyub basdıracaqlar,
- buz kimi soyuq məzara
- qoyub, basdıracaqlar,
- yaglıca ehsanımdan
- yeyib öskürəcəklər,
- bir qərib şair öldü
- deyib asqıracaqlar.
- Deyim, vəsiyyətimə
- adamlar, qulaq asın,
- başdaşı əvəzinə
- bir at heykəli qoyun,
- və bircə cümlə yazın:
- «insan kimi doğulmuşdu,
- insanlar oyun qurdular,
- öləndə at kimi öldü,
- çapıb-çapıb yordular!..»
VƏTƏN
- Hey! Mənim dam dolusu
- toyum, vətəndir, vətən,
- əjdadım, nəslim, köküm-
- soyum, vətəndir, vətən.
- Bəxt gəldi düyün-düyün,
- oğluyam yerin, göyün,
- baxıb, hey öyündüyün
- boyum, vətəndir, vətən.
- Qürbət buz içrə kürə,
- kim ulaya, kim hürə,
- qoy alnımı möhürə
- qoyum, vətəndir, vətən.
- Hava – həsrət bir udum,
- dörd bir yana yürüdüm,
- ağac kimi qurudum,
- suyum, vətəndir, vətən.
* * *
- Alsemberğdən qatar keçdi,
- keçdi, məni aparmadı,
- qatar qarışdı zülmətə,
- gecdi, məni aparmadı.
- Qarşıda neçə dağ, dərə,
- neçə aşılmaz dik qalıb,
- kor oldu, görmədi, şair,
- divara söykənik qalıb.
- Bu bir yolsuz ömürlərdən,
- keçən bir qatardı, getdi,
- kim gəldi aldı qoynuna,
- kim gəldi götürdü, getdi.
- Yaddır özgə dərdi kimi
- o yaxınlar, bu uzaqlar,
- o zamandan hər qatarın,
- dalınca bir qərib ağlar…
HƏLƏ…
- Bir ömür elə hey kipriyimlə od,
- götürə-götürə gedirəm hələ,
- bir uzun yoldayam aylar, illəri,
- ötürə-ötürə gedirəm hələ.
- Gərək mən hər sözü bir-bir arıyam,
- görənlər qoy görsün haqqa sarıyam,
- çiçəkdən çiçəyə uçan arıyam,
- ətirdən ətirə gedirəm hələ.
- Bağındır, baxmasan, ömür kirlənir,
- ağ bayraq sanırlar ağ fikirləri,
- qara kağız kimi tək səbirləri,
- gətirə-gətirə gedirəm hələ.
- Saxlamaq olmadı hər gedən günü,
- bədən yuxuludur, ruhlar mürgülü,
- islanmış gözlərdə azadlıq gülü,
- bitirə-bitirə gedirəm hələ.
- Yolu bu qatarın beşdi, ayrıldıq,
- bişdi bağrım başı, bişdi, ayrıldıq,
- hərə bir məzarda düşdü, ayrıldıq,
- itirə-itirə gedirəm hələ…
GEDƏNƏM…
- Neçə boynu bənövşətək bükülü,
- neçə gözü ağlar qoyub gedənəm,
- könlüm kimi açılmazdır o vaxtdan,
- qapımızı bağlar qoyub gedənəm.
- Bir sıxalar buludları, yuyalar,
- göy durula, dağılmaya yuvalar…
- Yereşitməz, göygötürməz dualar,
- dağtablamaz ahlar qoyub gedənəm.
- Haçalanmış yollar kimi görünən,
- yaşıl-yaşıl yarpaqlara bürünən,
- arxam ilə iməkləyib sürünən,
- düyməgözlü tağlar qoyub gedənəm.
- Nə biləydim ağac adam deyilmiş,
- qar-yağışla yarpaqları döyülmüş,
- ucunda gül pəncərəmə əyilmiş,
- vəfalı budaqlar qoyub gedənəm.
- Çin olmadı arzularım, pir də ki…
- Sirr olmadı, sirr qalmadı, sirr də ki…
- Axar çaylar, göy meşələr, bir də ki,
- buz kimi bulaqlar qoyub gedənəm.
- Bizim evdə quşlar yuva qurdumu,
- üstümüzə yağan daşlar durdumu?
- Yanıram oyy, vətənimin, yurdumun,
- sinəsində dağlar qoyub gedənəm…
ALLERGİYA
- Əvvəl gözlərimə dolur,
- sonra tutur boğazımdan,
- bəla sözdən gəlir,
- bir də
- dəftərimdən, kağızımdan.
- Axır sel kimi göz yaşım,
- düz əlli cütdür asqıraq,
- qorxudan tək səbir gəlmir,
- əlli dəfə sönür çıraq.
- Durur adamın qəsdinə,
- İşğal eləyir bədəni,
- yadına nə yarın düşür,
- nə işğal olmuş vətənin…
YAZI…
- Nə uçdum quş kimi, nə qaçdım ittək,
- nə göylər mənimdir, nə yerlər mənim,
- ipsiz arzularım köhnə çərpələng,
- dalımca gör nələr deyirlər mənim.
- Bir azman qayaydım, yıxıb zəlzələ,
- bir ah göndərməyə qarlı dağım yox,
- uçuram, bu cahan qurtarmır hələ,
- nə yazıq, qonmağa bir budağım yox.
- Bu qismət, bu qədər, bu tale, yazı,
- dalımca deyirlər guya dahidi,
- əzablar, zülümlər təzyiq cihazı,
- həsrət və qəriblik ölçü vahidi.
- Çətini qanadım yoruluncadır,
- ya külək qovacaq, ya leysan, yağış,
- yerlər dərindirsə, göylər ucadır,
- vətən bir yuvadır, mən yuvasız quş…
* * *
Professor Qurban Bayramov un gecikmiş cəsarətinə elegiya.
- Nədir bu dünyada, nədir əbədi,
- söz tapıb göyərtdik yerin təkindən,
- dağıldı, söküldü elmin məbədi,
- quş göydən ayrıldı, palıd kökündən.
- Uzundur yolumuz əyri, düz olsa,
- çıxmaz kəpəklərə ələdiyimiz,
- boğuldu beşikdə oğul, qız olsa,
- bizim körpə kimi bələdiyimiz.
- Saxsını torpaqdan, qızılı misdən,
- arzunu xəyaldan ayıran öldü,
- alçağı hündürdən, safı xəbisdən,
- dilavəri laldan ayıran öldü.
- Neynirsən neçədə açılır sabah,
- neynirsən gün çıxır, ya qar ələyir,
- bax, səni asdıran sevdiyin allah,
- neyləyir, əlbəttə, yaxşı eləyir.
- Neynirsən necədir tərkibi suyun,
- kimyanın, sürətin vaxtı keçibdir,
- arxacın ağzında mələyən qoyun,
- bəlkə qoyun deyil, itdir, keçidir.
- Düz xətti sındırma, indi əyridir,
- keçər lap yeddisi iki nöqtədən,
- indi ki əyrilər qılınc səyridir,
- niyə bölünməsin min yerə vətən?
- Xülasə, heç elmə yoxdur ehtiyac,
- hava məlumatı başına dəysin,
- şahın quş evidir başındakı tac,
- qoysa yad gülləsi quşuna dəysin.
- Unutma, ey qafil, dörd yanın biclər,
- bu fərman üzünü ağartmayacaq,
- sənin inandığın əfsanə güclər,
- səni bu illətdən sağaltmayacaq…
DEGİLMİSƏN…
- Sən bir gül kolusan, qız,
- solacaq degilmisən,
- gözəllikdə qərq olub,
- dolacaq degilmisən?
- Ətrin min gülün ahı,
- oyatmazmı allahı,
- mən görürəm sabahı,
- olacaq degilmisən?
- Gün boylanar güneydən,
- yerlər məst olar meydən,
- ay kimi baxıb göydən,
- güləcək degilmisən?
- Hal əhlilər hal bilər,
- olmuşu xəyal bilər,
- sevda dilin lal bilər,
- biləcək degilmisən?
- Gül dərdin dəstə-dəstə,
- kim təbibdir, kim xəstə,
- ölərsəm, qəbrim üstə,
- gələcək degilmisən?
- Mən taleyimdən sürgün,
- açıqdır ömür sərgim…
- Sən də yağmurlu bir gün,
- öləcək degilmisən?
ADAMLAR…
- Ya torpaq, ya məhlul olsun,
- doyulmalıdır adamlar,
- ya padişah, ya qul olsun,
- duyulmalıdır adamlar.
- Halı xoşdur uyğusundan,
- səsi çıxmır qorxusundan,
- şərin qəflət yuxusundan,
- ayılmalıdır adamlar.
- Alçalıb, düşüb dərinə,
- məhəl qoymaz qədərinə,
- qaldırıb adam yerinə,
- qoyulmalıdır adamlar.
- Əriyir yazlarda qartək,
- yoxa çıxır haram vartək,
- daşa, qədim yazılartək,
- döyülməlidir adamlar.
- Əzab yox, bu əzab kimi,
- məşəqqət, iztirab kimi,
- içi bulanmış qab kimi,
- yuyulmalıdır adamlar.
İT OYNADIRSAN…
- Cənab! Halal olsun fərasətinə,
- neçə ağlıdayaz, küt oynadırsan,
- kimini qul kimi çəkib xəlvətə,
- kimini səhnədə lüt oynadırsan.
- Hər kəsin ritmi var öz havasında,
- qızarmış yanaqlar köz havasında,
- uçunur oğlanlar söz havasında,
- qızları döşündə süd oynadırsan.
- Boynuna ip saldın neçə dərvişin,
- vallahi, oyundur sənin də işin,
- məzara bir addım qalmış bir leşin,
- tutub yaxasında bit, oynadırsan.
- Yükləri daşıyan kəli döyərlər,
- xətirə toxunub, qəlbə dəyərlər,
- əlini uzatma mənə, deyərlər,
- nədir ovcunda cüt-cüt oynadırsan?
- Titrətdin yer-göyü yumruq vuranda,
- rəhm etdin yazıqlar boyun buranda,
- şair oynadırsan kefin duranda,
- kefin istəyəndə it oynadırsan…
MƏN GÖRDÜM, ALİM YAZDI…
- Mənim gözümün qabağında Qənbəri öküz vurub,
- hələ pəpilləşməmiş qara gözlü Qənbəri,
- düz əlli dörd il keçib o vaxtdan bəri,
- bəli, o vaxtdan düz əlli dörd il keçib,
- qaragözlü Qənbər qisasını qiyamətə saxlamayıb,
- qurbanlıq kəsiləndə öküzün qanını içib.
- Mənim gözümün qabağında sel aparıb,
- Növrəstə arvadın alaməxmər inəyini,
- düz əlli il qabaq, oktyabrın əvvəlində,
- allah kimsəsizlərdən nə istəyir görəsən, deyib,
- küfr, qarğış eləyirdi qara kösöv əlində.
- Mənim gözümün qabağında toyların birində,
- bıçaq çəkmişdilər Həsənağaya, Hüseynağaya,
- qırx doqquz il ötüb bu hadisədən, axırda,
- yaralı yaşadılar ömür boyu,
- və ölüb getdilər bu yaxında.
- Qara camışımızın quyruğu ortadan qırılmışdı,
- yadımdadı ilinə, gününəcən,
- qızıldöş atımızın əmcəkləri yarılmışdı,
- yadımdan çıxmaz ölənəcən,
- itimizin güllələnməsi,
- quyumuzun suyunun quruması,
- Mirəzizin, Mirəşrəfin faciəli ölümü,
- hətta, Yağnəlinin qanının qaralması,
- hamısı iliyinə, sümüyünəcən yadımdadı,
- Süleymanın eşşək belindəki duruşu,
- Səmədin itkin düşmüş oğlunun adı…
- Tarix kitabları ayrı şey yazır,
- yazır ki, öküz Qənbəri vurmayıb,
- kürəyini qaşıyıbdır buynuzuyla,
- elə bil ki, fil oynayıbmış körpə quzuyla,
- digəri yazır ki, Növrəstə arvadın inəyini sel aparmayıb,
- inək üzmək istəyərkən atılıb suya,
- bu da tarix alimidir guya,
- hələ başqa tarixşünaslar görün nə yazır,
- yazır ki, Hüseynağa, Həsənağa yaşamayıb bu əsrdə, bu ölkədə,
- bıçaqlanıb eləməyiblər,
- heç bəlkə də əcəl ilə ölməyiblər…
- Yazığım gəlir millətə, tarixçilər tərəfindən
- azdırıldığına, azdığına,
- bilmirəm gözlərimə inanım,
- ya bu alimşünasların yazdığına…
PUL
- Bəs deyirdin xəzəl oldu rus pulu,
- Ayaq altda görmədik ucuz pulu.
- Ölür evdə arvad-uşaq acından,
- Qeyb olub eyy, çörək pulu, duz pulu.
- İt oğlu it, inanmışdım mən sənə,
- Uduzmuşam, qaytar pulu, qus pulu.
- Satdım atı bir keçi qiymətinə,
- Demişdilər haramdır donuz pulu.
- Günü gündən möhkəmləndi dəyəri,
- Qayıq batır, di sən də uduz pulu.
- Gör necədir bir maşının qiyməti,
- Bir şirniquş, bir dənə xoruz pulu.
- Dəmir pulu qoy başında sındırım,
- Ataq qalsın arxivə kağız pulu…
YAXŞILIQ…
- Qar əymişdi budağı,
- sınacaqdı, qoymadım,
- quruyub ocaqlarda
- yanacaqdı, qoymadım,
- yaz gəldi, cana gəldi,
- budaqdan şiv düzəldib,
- döydülər məni,
- döyüb-döyüb çırpdılar,
- həmən budaq kimi əydilər məni.
- Suda boğulan adamın
- köməyinə yetişdim,
- dedim, bu da xilasdı,
- qalxıb çiynim üstünə,
- özümü suya basdı.
- Havası kəsilmişə
- hava verdim, dirildi,
- daha mənə salam vermir
- küçəmizdən keçəndə,
- bir ay deyil, bir ildir.
- Cəhrəni işə salıb,
- sap əyirdim rəngbərəng,
- görən dedi nə gözəl,
- baxan dedi nə qəşəng,
- döndüm günah keçisinə,
- sapdan kəndir düzəltdilər,
- boğazımın ölçüsünə.
- Kəpəyim də gəlir kara,
- ələyimi ələməyim,
- bir gün öləcəyəm deyə,
- yaxşılıqlar eləməyim?
- Adam adam olsun gərək,
- dostdu, qohumdu, qardaşdı,
- elədiyim yaxşılıqlar,
- başıma göylərdən düşən,
- ən doğma, ən ağır daşdı…
* * *
- Uçdu taya kimi göylər üstümə,
- inləyir altında qalam ey, qalam,
- acı tüstü kimi bacadan çıxıb,
- salam dünya dedim, salam ey, salam.
- Mən quşam, yolunmuş lələk deyiləm,
- zülmətdən gizlənmiş fələk deyiləm,
- arıyam bəlkə də, pətək deyiləm,
- bəlkə də ən təmiz balam ey, balam.
- Yazmır mən deyəni, qocadır qələm,
- susub, sözə baxmır keflənmiş ələm,
- çıxaram hamının yadından, nə qəm,
- tək sənin yadında qalam ey, qalam.
- Mən büstlər yonmağın sənətkarıyam,
- güney istisiyəm, quzey qarıyam,
- yetişə bilməyən payız barıyam,
- gün çıxsa, qar yağsa, kalam ey, kalam.
- Kim sevə bilmirsə günah qanında,
- xədimdir, yatıbsa qılınc qınında,
- yahu, sevənlərin dili qarnında,
- mən də səsi batmış lalam ey, lalam.
* * *
- Dünya dağılmasın, neyləsin,
- imkan verin şair də söz söyləsin,
- nə dini, nə qanunu, nə allahı alqışlayır,
- o, özünü öldürəcək silahı alqışlayır,
- elə bil otağının içində ilan bəsləyir adam,
- adamı yalanla böyütdülər,
- yalan böyüdür,
- yalan bəsləyir adam…
MƏNDƏN
- Yer verib köksümdə, dedim,
- şimşək kimi çaxın məndən,
- ya göz yaşı, ya söz kimi,
- gecdi daha, çıxın məndən.
- Məktubu yara çatırın,
- məktub yükü yüz qatırın,
- fərqi yox ki, bir çadırın,
- ya da alaçığın məndən.
- Ağ üzlər hey ağ qalacaq,
- kim ölüb, kim sağ qalacaq,
- dağ yenə də dağ qalacaq,
- düşün, qopun, çıxın məndən.
GƏL, MƏNİ DƏ GÖTÜR, GEDƏK
- Bu yol ki, qəm daşıyandı,
- ah çəkdim, ah, daşı yandı,
- gəl, bağrımın başı yandı,
- gəl, məni də götür, gedək.
- Ayrılıqlar həzin olar,
- tellər düzüm-düzüm olar,
- qərib yolu uzun olar,
- gəl, məni də götür, gedək.
- Bilməzsən haqq-hesab nədir,
- həsrət nədir, əzab nədir,
- qəm-qüssə, iztirab nədir,
- gəl, məni də götür, gedək.
- Gəl, mənim şəkkərim, balım,
- gəl, eşqdən can toxuyalım,
- gəl, bir şərqi oxuyalım,
- gəl, məni də götür, gedək.
- Yolam, ağarmış saçınam,
- ruham, ağrınam, acınam,
- mən sənin dar ağacınam,
- gəl, məni də götür, gedək…
ÖLÇÜ VAHİDİ
- Ölçü vahidləri dəyişilməli,
- məsələn, zamanı saatlarla deyil,
- iztirabla ölçməliyik,
- ömrümüzü çəkdiyimiz əzabla ölçməliyik,
- santimetr yaramır adamın boyuna,
- qamış da cəmi bircə dəfə kara gəlir,
- o da sən olmayanda,
- olanları olmazlarla,
- olmazları olanlarla ölçməliyik,
- qismətin də öz yeri var,
- nisbətin də öz yeri var,
- adamın boyu ağlın göstəricisi olsun gərək,
- qəlb də uydurmadır, könül də,
- gecə-gündüz işləyən ürəkdir, ürək,
- ürəyin ritmi saatdan dəqiqdir,
- zamanın nəbzindən safdır,
- ürək belə əclafdır,
- məsafələr ölçülməməli kilometrlə, millə,
- ən uyğunu həsrətdir,
- fərqini bilən varmı nadanların kamillə,
- qürbət elə qürbətdir,
- başın ölçüsünü papaqla deyil,
- ağılla ölçməliyik,
- içimizdəki dərdi ağırla ölçməliyik,
- batmanla ölçməliyik,
- torpağın qüdrətini kətmənlə ölçməliyik,
- gözlərin uzağı görməsi şərt olmamalı,
- şərt nəyi necə görməsidir,
- gündüzü gündüz,
- gecəni gecə görməsidir,
- sürəti işıqla ölçür alimlər,
- bir eşqin yolunda hamımız dəliyik,
- hamımız işığa can atmalıyıq,
- hamımız işığa çevrilməliyik…
ÇƏKİ
- Tərəzi göstərən qədər deyil adamın çəkisi,
- adam özünü çəkə bilmir,
- günahını günah, cinayətini cinayət,
- yaltaqlığı, alçaqlığı ləkə bilmir,
- adam bilmir ümumi çəkisindən
- ləyaqətini çıxanda nə qalacaq,
- şəxsiyyətini çıxanda nə qalacaq,
- əxlaqsızları çəkəndə,
- adətən, sıfırı göstərir tərəzilər,
- piştaxtata deyil, ambarlarda deyil,
- gözdədir tərəzilər,
- qanmazlara, nadanlara nə fayda,
- adam bilmir çəkisi nə qədərdir, özü nə boyda…
SƏN DƏ…
- Yağış yağmırsa, yağdır,
- günəş çıxmırsa, çağır,
- haray söylə, ay haray,
- göydə görünmürsə ay,
- gördün əsmir küləklər,
- silkələ ağacları,
- səp bütün küçə boyu,
- səp, ağarmış saçları,
- qoy desinlər yağır qar,
- yerə çökür qarğılar,
- ağ bəzənmiş çiçəklər,
- ətir saçmır, qəm eləmə,
- ətir saç bu aləmə,
- qoy bircə sel olmasın,
- göz yaşın yanağında,
- buza dönməsin, dönməsin,
- gülüşlər dodağında.
- Bir gün ağac olmasan,
- kölgən olarmı, olmaz,
- vətəndaş olmayınca,
- ölkən olarmı, olmaz,
- ən uzun yol özünsən,
- ən kəsə ömür səndə,
- çox yaşasan görərdin,
- necə dönür qızıla,
- söz səndə, dəmir səndə.
- Şimşək çaxmır, özün çax,
- ildırımtək gurulda,
- azadlığa can atmaq
- həvəsi olmaz qulda,
- özün yarat özünü,
- bəndəsən, ya asisən,
- bil ki, bu təbiətin,
- sən də bir parçasısan.
EH…
- Bu dünya,
- bir-birimizi aldatmaq üçün,
- bir-birimizi satmaq üçün,
- bir-birimizi alçatmaq üçün,
- ağı qaraya qatmaq üçün,
- boğulub batmaq üçün,
- uyuyub yatmaq üçün,
- xülasə,
- bir-birimizi ağlatmaq üçün
- yerdi,
- qalanı sözdü, nəğmədi, şeirdi…
MƏHƏBBƏT
- Qapısı bağlıdır, pəncərəsi kor,
- bu dünya bəzəkli imarətimdir,
- kədərdən, acıdan, qüssədən, qəmdən,
- bir az da sevincdən ibarətimdir.
- Nə vaxtdır dad bilmir dişim, damağım,
- bu üzdən açılmır qaşım, qabağım,
- hərdən arı kimi vızıldamağım,
- sözü bal eyləyən qiraətimdir.
- Çətin ki, təzədən insan yoğrulam,
- ya ki, yaradılam, ya ki, doğulam,
- andıma, əhdimə nökərəm, qulam,
- sanmayın bu qəlbsiz itaətimdir.
- Eşq qibləm, qibləyə üz tutmaq yazım,
- bir sübh azanıdır nəğməm, avazım,
- sevilmək orucum, sevmək namazım,
- məhəbbət ən gözəl ibadətimdir…
KÜÇÜK
- Kəsib qulağını dəstəyə qatdıq,
- gah qızdın, gah da ki, quyruq buladın,
- nəyi oğurladıq, nələri satdıq,
- almadın vecinə, hürdün, uladın.
- İradə poladdır, dözüm qranit,
- ehtiyac səni də əzib, bükdüsə…
- Hürməyə dəyərmi, ay it oğlu it,
- sonda mükafatın bir sümükdüsə.
- Nə şirindir körpə gözlü küçüklər,
- məkrlərə, hiylələrə qatılmaz,
- hər çörəyi kəsiləndən igid, ər,
- hər qulağı kəsiləndən it olmaz.
- Bir gün xoruz kimi səsini çəkdir,
- durub xoruz kimi banlamasan da,
- sənətin ulamaq, işin hürməkdir,
- kimə hürdüyünü anlamasan da…
MÜƏMMA
- Bu səhər halı varmı
- könlümün qubarından,
- kim sərxoş, kim buxardır,
- həsrətin nübarından?!
- Bu döşənmiş yoldumu,
- gedən yolda qaldımı,
- bir baş açan oldumu,
- dünyanın qumarından?
- Bu məscid, bu da kilsə,
- dualar külçə-külçə,
- keçə bildimi kimsə,
- yox olduğu varından?
- Eh, rahatam bu axşam,
- həzin-həzin yanır şam,
- elə bil qan almışam,
- göylərin damarından…
SİRR
- Bir mənəm tək bu dünyada,
- bir də doğulmayan dahi,
- bir də qəribsəmiş ada-
- unudulanların ahı.
- Xıxmışdır ərzin nəfəsi,
- sındıran yox bu qəfəsi,
- susdurmuşdur körpə səsi,
- özündən deyən hər şahı.
- Çatdıq dərdlərin yazına,
- ömrü qazıya-qazıya,
- sığışmaz yazı-pozuya,
- unudanların günahı.
- Açılmaz min il də bu sirr,
- qəlbin nəğmələri əsir,
- kim sübhandır, kim müqəssir,
- özün görürsən, ilahi…
BİZƏ
- Üz tutub yol getdik dağlara sarı,
- yağışa uğradıq, qar gəldi bizə,
- yük oldu el dərdi, könül qubarı,
- hamıya gen dünya dar gəldi bizə.
- Sınmış ürəkləri yer qucaqladı,
- göylər üzümüzə qapı bağladı,
- bəli, dabanımız qabar bağladı,
- yollarda yorulmaq ar gəldi bizə.
- Dindi çiçəklərin şirin dilləri,
- ah, könül unutdu bu müşgülləri,
- əsdi üzümüzə səhər yelləri,
- vallah, elə bildik yar gəldi bizə.
МƏNƏ…
- Qəm-qüssə aldı canımı,
- kimsə bilməz ünvanımı,
- tök gözlərim, iç qanımı,
- baxma darıxanda mənə.
- Qərib durna köçündə gör,
- qürbətlərə köçəndə gör,
- məni bulud içində gör,
- bax, şimşək çaxanda mənə.
- Dörd tərəfdən qol açılır,
- əsir sərin yel, açılır,
- göy üzünə yol açılır,
- hər ulduz axanda mənə.
- Sinən üstü yeriyərəm,
- aç düyməni, kiriyərəm,
- birdən ölüb-eliyərəm,
- yer saxla yaxanda mənə.
BİR CANIQ…
(kainatda canlı aləm bir-birinə bağlıdır)
- Biz bir bədən, biz bir nəfəs, bir canıq,
- bu dünyaya gəlişimiz ayrıdı,
- gözlərimiz birdir bizim, ay canım,
- gözlərdəki gülüşümüz ayrıdı.
- Ağac dili, quş dilidir dilimiz,
- mənim dilim, sənin dilin yalandı,
- tikələndi qiymə-qiymə könlümüz,
- dilim-dilim nəsillər parçalandı.
- Mən olmasam, sən olmasan, məhəbbət,
- yaranışdan bugünəcən tam deyil,
- sən özünə ana deyirsən, əlbət,
- uşaq doğan torpaqdır, adam deyil.
- Qüssə doldurdu canını, ağladın,
- qatil oldu körpə deyib sevdiyim,
- sən cəlladı yetişdirdin, doğmadın,
- cinayətkar cəmiyyətə nə deyim?
- Bir olarsa fikrimizdə zəlzələ,
- bir şey qalmaz bu boyda imarətdən,
- kim istəmir yaxası keçsin ələ,
- qatar kimi gərək çıxmasın xətdən…
O GÖZLƏR…
- Görən nəymiş o gözlərin günahı,
- uzaqlarda ilğım kimi qəhri nə?
- O gözlərə heyran idim mən, axı,
- düşmüş idim bir zamanlar sehrinə.
- Çeşmə kimi təmiz idi o gözlər,
- qara-qara kipriyindən çəpər yox,
- dağ arası dəniz idi o gözlər,
- gəmiləri batanlardan xəbər yox.
- Zülmünə gəl, dünya çöküb, dağılıb,
- necə qıymış qətllərə, qanlara,
- o gözlərdə neçə aşiq boğulub,
- o gözlərdə düşən kim tufanlara?
- Var olsaydı, qəddi sınardı buzun,
- görünsəydi, bir boynunu qucardım,
- o gözlərin çəkdiyi yollar uzun,
- o yollara baxa-baxa qocaldım…
AY GÖZƏL…
- Bu gecə qəzatək yadıma düşdün,
- eşqim topuğuma vurdu, ay gözəl,
- köhnəlmiş surətin rəsm əsəritək,
- gözlərim önündə durdu, ay gözəl.
- Sən çətin girərsən qoynuma, çətin,
- gülü gözlərimdə soldu həsrətin,
- çalınmaz havası bu məhəbbətin,
- çalınan ayrı bir surdu, ay gözəl.
- Bənövşə ətirli saçların hördüm,
- eşqinə büründüm, olmadı dərdim,
- dünyada nə qədər gözəllər gördüm,
- ölmədi gözümün qurdu, ay gözəl.
- Özün yer üzünə göndərilmiş pay,
- quldur hüzurunda şahənşah, saray,
- bu gecə, nə günəş belədir, nə ay,
- bu ayrı işıqdı, nurdu, ay gözəl.
- Üzün dan yeritək rəngə boyanır,
- üstündən baxıram əyri qayanın,
- məni gözlərinə həsrət qoyanın,
- dağılsın tifagı, yurdu, ay gözəl.
BURAX MƏNİ YOL APARSIN
- Susuz çöllər, qarlı dağlar,
- çəkir məni ayrılıqlar,
- nə qədər ki, ayrılıq var,
- burax məni yol aparsın.
- Allaha bax, tanrıya bax,
- elə bil ki, yoxam, burax,
- əlindədir yaxam, burax,
- burax məni yol aparsın.
- Gəl, üzünə baxıb, gedim,
- şimşək kimi çaxıb, gedim,
- axarım var, axıb, gedim,
- burax məni yol aparsın.
- Bu yerlərin şərdir adı,
- haqq yerini tapammadı,
- məni yuxu aparmadı,
- burax məni yol aparsın.
- Bu dünya bürkü, boğanaq,
- uzaqlarda cənnətə bax,
- yollar örkən, sən doğanaq,
- burax məni yol aparsın.
- Boyu uzun buray xanım,
- saçı uzun suray xanım,
- yol qəbir deyil ay xanım,
- burax məni yol aparsın…
* * *
- Yuxuda özünə heykəl ucaldar,
- Deyəsən, keçibdir ardan, həyadan,
- Hər şair içində bir xəstəlik var:
- Fəxri ad, mükafat, Fəxri Xiyaban!..
* * *
- Nə günəşində qızındım,
- nə bir gəzindim qarında,
- Brüssel oylə bir şəhər,
- yox dənizi kənarında…
* * *
- Adamdır, doğulur, yaşayır, ölür,
- Bir gün getməlidir əlbəttə, gələn.
- Adam sayılarmı bu gen dünyada,
- Bir dəfə doğulub, yüz dəfə ölən?..
* * *
- Dil töküb yalvarmadımmı,
- Yoxmu bir sözümün karı?
- Hayqırtımı eşitmədin,
- Hıçqırtımı eşit, barı…
QALX!
- Qalx özündən yuxarı, canın cəhənnəm olsun,
- azadlığın ordadır – güclərin arasında,
- Qoy günahın göy qədər, qoy savabın kəm olsun,
- Çürüyub ovxalanma bürclərin arasında.
- Orda yuyulmuş yaxan, orda köynəyin təmiz,
- Gözlərin də dupduru, qaynasın bulaq kimi,
- Ləkə götürmür günəş, sudan bulanmır dəniz,
- Qalx, görün dalğa-dalğa uzaqlardan dağ kimi.
- Savaşlar bir sınaqmış, sorulmaz bədənindən,
- Nə dava məqsədimiz, nə sülh günahımızdır.
- Bir gün də qürbətlərə yol çıxar vətənindən,
- Azadlıq son dərdimiz, həm də son ahımızdır.
- Ayaqlarından çəkib, basacaqlar başından,
- Nədir anlayacaqsan, nəymiş bu yazı, qədər,
- Yox ayrı müharibə, ayrı eşq savaşından,
- Qalx özündən yuxarı qalxa bildiyin qədər.
SƏN MƏNƏ ŞAİR DEMƏ
- Gözün üstə qaşın, de,
- neçədirsə yaşım, de,
- dostum de, qardaşım de,
- sən mənə şair demə.
- Şair beləmi olur,
- hər gün saralıb solur,
- hər gün gözləri dolur,
- sən mənə şair demə.
- Yanmaram ki, yan desən,
- can sənə qurban desən,
- canın çıxar can desən?
- Sən mənə şair demə.
- Yuvasız quşam əlbət,
- dilimdə nəğməm qürbət,
- qəribəm, yerim xəlvət,
- sən mənə şair demə.
- Həsrət saçların yolar,
- sınar, əzilər yollar,
- yurdsuz şairmi olar?
- Sən mənə şair demə.
BİR İTİN PORTRETİ
- Çatıb doxsana yaşı,
- ağarıb ömrü, başı,
- nəyi var, nəyi kəmdi,
- sümükləri möhkəmdi,
- möhkəmdi sütunları,
- niyə yazdım bunları?
- Adam susub, səs salmır,
- ona görə qocalmır,
- var yeməyə iştahı,
- tanımır da allahı,
- qonşu acından ölür,
- busa aclara gülür,
- yaltaqlanır bu qanmaz,
- onunçün da keyfi saz,
- dəf kimidir əhvalı,
- əskik olmayır yalı,
- bəxtəvərdir it kimi,
- soyuqdur meyit kimi,
- hər sözü bir həndəsə,
- əl yetirməz bir kəsə,
- doxsana çatıb yaşı,
- olub şərin qardaşı,
- çox adam tutdurubdur,
- xalqa qan utdurubdur,
- quzutək bu dövləti
- əmir, puçdur niyyəti,
- nə olsun çıxıb adı,
- bəxtəvərdir arvadı,
- qızı zərgər dükanı,
- bic oğluna tay hanı,
- qeyrətdən bixəbərdir,
- millətdən bixəbərdir,
- amalı var-dövlət, pul,
- özü kölə, nəsli qul,
- çirkinə göyçək deyər,
- papağa ləçək deyər,
- qardaş hardadır, susur,
- bacı dardadır, susur,
- qohumlar yanır, yansın,
- canı var, dinc dayansın,
- hürməsin hər yetənə,
- qul olsun bu vətənə,
- baş əysin hökmdara,
- bir günü olmaz qara,
- qoy bacarsın seçməyi,
- artsın yeyib içməyi,
- padşaha ağ olmazlar,
- olanlar sağ olmazlar,
- sözümün canı budur,
- nə şıllaq at, nə qudur,
- başını aşağı sal,
- bu it damı, bu da yal,
- fərqi yox sürün, yaşa,
- belə vur ömrü başa,
- öl, malını yesinlər,
- bir it öldü desinlər,
- it dedim, it bağışlar,
- hər kəs iti alqışlar…
- Yaşı çatıb doxsana,
- buna baxıb qorxsana.
* * *
- Güllər al-əlvan,
- açıb çiçəklər,
- könül oxşayır,
- göy biçənəklər,
- yayılıb çölə,
- ağ kəpənəklər,
- xoş ətirlidir
- əsən küləklər.
- Azman duruşda,
- əsgər dağımız,
- göy qurşagıdır,
- öz bayrağımız,
- cana can qatır,
- öz torpağımız,
- gör nə gözəldir,
- Vətən bağımız!
BƏLKƏ…
- Dərd olsaydın, köksümdə yer alardın,
- bəlkə qəmsən, bəlkə adi kədərsən,
- dərd olsaydın, gözümdə yer salardın,
- olsan belə, özgə dərdi qədərsən.
- Dünya soyuq, məzarımız nəmişkən,
- küləklərin, şaxtaların üzü sərt,
- mən demədim, aşıq Veysəl demişkən,
- şairlərin sadiq dostu dərddi, dərd.
- İstəmirəm, söz söyləyib bezdirim,
- mat qalmışam, heç bilmirəm neyləyim,
- bəlkə səni ürəyimdə gəzdirim,
- bəlkə səni özümə dərd eyləyim?
- Batmaz yasa dərd dağını yıxanlar,
- üstü-başı demə qarmış şairin,
- qoy desinlər gözlərimə baxanlar,
- ah, nə gözəl dərdi varmış şairin…
BİZ AYRI DÜNYANIN ADAMLARIYIQ
- Bölüb ayırmışıq bir olan dərdi,
- mən çarxam, səninsə qolların pərdi,
- səndə axşam düşüb, məndə səhərdi,
- biz ayrı dünyanın adamlarıyıq.
- Mən yerəm, torpağam, sən dişli xışsan,
- mən bulud, sən məndən yağan yağışsan,
- mən yazam, sən gələn sazaqlı qışsan,
- biz ayrı dünyanın adamlarıyıq.
- Bir vaxtlar sevgimiz vardı bir qucaq,
- sən güldün, mən gülün üstündə saçaq,
- mən daşam, sən yanıb qurtarmış ocaq,
- biz ayrı dünyanın adamlarıyıq.
- Bu göy də həməndi, bu yer də həmən,
- nə sən günahkarsan bu işdə, nə mən,
- birimiz arıyıq, birimiz çəmən,
- biz ayrı dünyanın adamlarıyıq.
- Birimiz qürbətik, birimiz durna,
- uç get uzaqlara, yorulub durma,
- birimiz ət olduq, birimiz dırnaq,
- biz ayrı dünyanın adamlarıyıq.
- Sən dağsan, mən dağda dumanam, çənəm,
- sən sünbül, mən isə saralmış dənəm,
- həsrət, qübar sənsən, ayrılıq mənəm,
- biz ayrı dünyanın adamlarıyıq…
QÜRBƏT QOCALTDI ŞAİRİ…
- Dərdlər, qəmlər məst elədi,
- xiffət qocaltdı şairi,
- ayrılıqlar qəsd elədi,
- möhnət qocaltdı şairi.
- Gözlərində alov, cəngi,
- hey uçdu bəxt çərpələngi,
- payıztək saraldı rəngi,
- həsrət qocaltdı şairi.
- Bu surətin seyrinə gəl,
- nə tez cövrün dəyişdi ləl,
- cavan idi bir il əvvəl,
- şöhrət qocaltdı şairi.
- Sübh çağı günəş püstəmi,
- bulud lay-lay, üst-üstəmi?
- …Şair qocalmaq istəmir,
- qürbət qocaltdı şairi.
BİRLİYİN GÜCÜ…
- Canım, səndən ayrı mənim canım yox,
- Biz bir canda minbir canın hasili,
- Aramızda müstəqildir məhəbbət,
- Nə mən səndən, nə sən məndən asılı.
- Bir canıkən parçalandıq, bölündük,
- Tərifimiz, alqışımız birdir, bir,
- Üstümüzə yağan qar ayırmadı,
- Hər naləmiz, qarğışımız birdir, bir.
- Gözlərini yollara bağışladım,
- Əllərinin göylərdədir duası,
- Bir ah çəkdin səhər yeli əsməmiş,
- Elə bildim dağıldı quş yuvası.
- Bir can idik, yerindəydi bu dünya,
- Nələr oldu, dəfn eləyək dünəndə,
- Tikə-tikə parçalanmış ömrümüz,
- Qurtulacaq biz bir cana dönəndə…
MƏNİM DİLİM
(uşaqlar üçün)
- Mənim dilim quş dili,
- gül dili, çiçək dili,
- ah, necə ətirlidir,
- agzında ləçək dili,
- bir bostanın qırmızı,
- dadlı çiyələk dili,
- var dilimin arıtək,
- bal dili, pətək dili,
- yerin üstündə təndir,
- təndirdə çörək dili,
- axar su mənim dilim,
- şeh dili, çisək dili,
- bulud dilidir bu dil,
- ildırım, şimşək dili,
- bu, məhəbbət dilidir,
- qəlb dili, ürək dili,
- gəlin sevək bu yurdu,
- sevib öyrənək dili.
HEYİF…
- Nə qaçırsan, yer bəllidir, göy bəlli,
- hara getsən bu qabıqdan çıxış yox,
- elə bildin dünya hamar dünyadı,
- elə bildin dərə yoxdur, yoxuş yox?
- Harda olsan, yağış tutar, qar gələr,
- gizlətməyə yer tapmazsan başını,
- əlin çatmaz, axar sular qarışdı,
- siləmməzsən yanaqdan göz yaşını.
- Gecə kimi qaralmasın qanın heç,
- bulud varsa, arxasında günəş pərt,
- bir də onda ayılarsan yuxudan,
- hamınındır bir nəfərə gələn dərd.
- Heyif, heyif, sevgi olub yad bizə,
- sevincimiz əzabımızla təndi,
- bu adamlar daş yükləyə-yükləyə,
- bir-birinə daş atmağı öyrəndi…